XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 06:33

Fransız arxeoloqları Lerikdə 3000 il yaşı olan yaşayış məskəni tapıblar – FOTOLAR

Lerik qaz.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb.

Bu barədə məlumatı APA-nın cənub bürosuna AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov verib. Onun sözlərinə görə, XIX əsrin sonlarında həvəskar fransız arxeoloq Jak De Morqan və qardaşı Henri Morqan Lerikdə arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen muzeyində mühafizə olunmaqdadır.

A. Ələkbərov bildirib ki, Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyası 2011-ci ildə Fransa tərəfinin təşəbbüsü ilə yaradılıb. Məqsəd isə bir növ Morqan qardaşlarının apardığı işi davam etdirməkdən ibarətdir. ötən 4 ildə Morqanın vaxtilə gəzdiyi Lerikin bütün kəndlərinin əraziləri tədqiq olunub. Bu ərazilərdə yeni daş qutular aşkarlanıb. Onların əksəriyyəti dağıdılıb.

Monidigah kəndi ərazisində üzə çıxarılan tapıntı xüsusi maraq kəsb edir: “Biz bir kompleks aşkar etmişik. Burada həm daş qutu-qəbirlər, həm də son tunc ilk dəmir dövrünə aid 3000 illik tarixi olan dolmenlər, yəni yaşayış məskəni mövcuddur. Əvvəlki illərdəki qazıntılarda ya qəbirlər aşkarlanıb, ya da yaşayış yerlərinin əlamətlərinə rast gəlinib. Amma burada biz bunların üçünü bir yerdə aşkarlamışıq”.

Burada təkcə bir dolmenin içərisindən 200-dən çox maddi mədəniyyət nümunəsi, o cümlədən saxsı qablar, bəzək əşyaları, silahlar, məişət avadanlıqları və s. üzə çıxarılıb. Tapıntıların hamısı xüsusi qablara yerləşdirilib.

Fransa tərəfdən ekspedisiyaya rəhbərlik edən professor Mişel Kazanova APA-nın cənub bürosuna bildirib ki, Monidigahda tapılmış maddi-mədəniyyət nümunələri Fransaya aparılaraq laboratoriya şəraitində müayinə olunacaq: “Onların arasında maraq doğuran materiallar az deyil. ümid edirik ki, həmin materiallar Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edəcək”.

Aşkarlanan əşyalar ilin sonlarında Parisdə, Bakıda və Tiflisdə keçiriləcək beynəlxalq sərgidə nümayiş olunacaq.

lerik qaz02.jpg

lerik qaz03.jpg