XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Mart 2015 - 08:41

“Kimin sevinəcəyini bilmirəm, amma sevinənlər olacaq…”

İşçi Qrupunun bayramqabağı toplantısı olmaya bilər; Mirvari Qəhrəmanlı: “Proses tezləşəcək…”
Hazırda mətbuat və cəmiyyətin əsas müzakirə mövzularından biri yaxın günlərdə əfv sərəncamının veriləcəyi barədə xəbərdir. ölkə başçısına müraciət edən siyasi məhbusların veriləcək əfvdə azadlığa çıxma şansları daha yüksəkdir. Bu istiqamətdə ən ciddi iş görən qurum İnsan Haqları üzrə Birgə İşçi Qrupudur. Qurum artıq məhbus siyahısını hazırlayaraq, Əfv Komissiyasına təqdim edib. Ancaq martda İşçi Qrupunun toplantısının keçirilməsi nəzərdə tutulsa da, iclasın olmaması müəmmalı qalır.
İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilə əfvlə bağlı söhbət etdik. Hüquq müdafiəçisi bayrama qədər əfv olacağı anonsunu verdi:
“Düşünürəm ki, Novruza qədər əfv olacaq. Kimin sevinəcəyini bilmirəm, amma sevinənlər olacaq. çoxlu sənədlər hazırlayıb Əfv Komissiyasına göndərmişik. Komissiyaya daxil olan bəzi insanlarla görüşmüşük. İşçi Qrupu təkcə QHT-lərdən ibarət deyil. Biz sadəcə problemləri qaldırırıq. Əlimizdən nə gəlirsə edirik. Düşünürəm ki, əfv olacaq”.
M.Qəhrəmanlı İşçi Qrupunun iclasının baş tutmamasına da aydınlıq gətirdi: “Görüşsək yaxşı olardı. Amma yəqin ki, bayrama kimi görüşmək mümkün olmayacaq. Zamanı biz müəyyənləşdirmirik, buna görə QHT-ləri ittiham etmək düzgün deyil. Dekabrda çox işlər təqdim etdik. Amma bir qisminə baxıldı. Qalan işlər üzərində çalışıb, yenidən təqdim etdik. Hər məlumatı mətbuata verib, insanları həyəcanlandırmaq olmaz. Nəticə olanda insanlar İşçi Qrupunu qiymətləndirəcəklər”.
Hüquq müdafiəçisi azadlığa çıxma ehtimalı yüksək olan məhbuslar barədə də danışdı: “Əfv Komissiyasına daxil olsam, daha inamla danışardım. Bilirəm ki, cəmiyyət daha çox hansı tipli məhbusların azadlığa çıxacağı sualının cavabını gözləyir. Bu suala cavab verməyim çox narahatçılığa səbəb ola bilər. Zaman-zaman bütün siyasilərin məsələsini qaldırmışıq. Şərt deyil ki, məhbuslar şəxsən əfv ərizəsi yazmalıdır. Biz əfv müraciəti yazmayan bir məhbusun məsələsini qaldırdıq, müzakirə edib azadlığa buraxdılar. Bizim üçün fərqi yoxdur. Hətta barələrində məhkəmə işləri gedən məhbusların məsələlərini də qaldırmışıq.
Hansı işi görməyə gücümüz çatırsa, görürük. Amma icraedici orqan deyilik. Səlahiyyətimiz çərçivəsində hərəkət edirik. Sizin suallara konkret cavab verə bilmirik. Bizə müraciət edən bütün məhbusların işlərinə baxıb, Əfv Komissiyasına göndərmişik. Heç kəs qətiyyən narahat olmasın”.
Mirvari Qəhrəmanlı əfv günü və prezidentə müraciət edən 7 məhbus barədə də danışdı: “çox güman ki, əfv tezləşəcək. İnanıram ki, hər kəs məhbus yaxınını bu bayramda görüb, şad olacaq. Əfv yazan məhbusların çıxma ehtimalları müəyyən qədər yüksək görünə bilər. Amma bir daha qeyd edirəm ki, fərq qoymamışıq. Bir qrup insan var ki, mətbuat və sosial şəbəkələrdə “İşçi Qrupu heç nəyə lazım deyil” fikirlərini yayaraq, insanları ruhdan salırlar. İşçi Qrupu imitasiya üçün yaranmayıb. Zaman gələndə hər kəs bunu anlayacaq”.