Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səud Türkiyənin İŞİD və PKK-ya qarşı hava hücumlarına dəstək verdiyini bildirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kral Salmana zəng edərək İŞİD və PKK-ya qarşı hava hücumları barədə məlumat verib. Kral Suruç qətliamını qınayaraq Türkiyənin özünümüdafiə hüququnu dəstəklədiyini bildirib.
Ərdoğanın kral Salmanla yanaşı, Qətər əmiri Şeyx Təmim, Fransa prezidenti Fransua Ollandla da eyni məsələ ilə bağlı telefon söhbəti apardığı və hər iki liderin dəstəyini aldığı bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı özü ötən ilin sentyabrından ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı koalisiyanın üzvü kimi, Suriyaya hava zərbələri endirir.
Bu arada bildirək ki, antiterror əməliyyatlarına görə İraq prezidenti Heydər əl-Ebadi də Türkiyənin son günlər İraqda həyata keçirdiyi əməliyyatlara ilk dəfə olaraq münasibət bildirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ebadi Türkiyənin İraq torpaqlarındakı əməliyyatlarının bölgədə təzyiqi ciddi şəkildə qaldıracağını bildirib. Prezident Türkiyəni ittiham edərək bu əməliyyatların İraqın suverenlik hüququna qarşı yönəldiyini də deyib.
Strateq.az