XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 15:01

Sorğu:Azərbaycan əhalisi Konstitusiyada dəyişikliklər edilməsini dəstəkləyir

secki

ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-cı ildə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb.

Sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 nəfər respondent cəlb edilib. Bunlardan 73,7%-i böyük şəhərlərdən, 10,1%-i kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,6%-i qadın, 50,4%-i kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 35%-i – 30-39 yaş arası, 25,8% – 18-29 yaş arası, 16,6% – 40-49 yaş arası, 7,6% – 50-59 yaş arası və yalnız 1,5%-i 70 və daha yuxarı yaşda insanlar olub.

Sorğu vərəqindəki sualları belə qruplaşdırılıb:

1. Əhalinin referendumla bağlı məlumatlılıq səviyyəsi;
2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət;
3. Əhalinin siyasi fəallıq səviyyəsi;
4. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə münasibət.

Əhalinin referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Seçkilər və referendum keçirildikdə Siz səsvermədə necə iştirak edirsiniz” sualına verilən cavablar aşağıdakı kimi olub. Respondentlərin böyük əksəriyyəti – 74,2% hər zaman referendumda iştirak etdiklərini bildiriblər. 82,9% respondent isə 26 sentyabr 2016-cı ildə ölkədə ümumxalq səsverməsində (referendum) iştirak edəcəyini bildirib. Belə ki, “Siz səsvermədə necə iştirak edəcəksiniz” sualına 76,8% “Əlbəttə ki, iştirak edəcəyəm” və 6,1% “Ola bilsin ki, iştirak edəcəyəm” cavabını verib.

“Sizin qarşıdan gələn 26 sentyabr ümumxalq səsverməsi – referendum barədə hər hansı məlumatınız varmı” sualına 95% “bəli” cavabını verib ki, bu da keçiriləcək referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir. Sorğu nəticəsində məlum olub ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, “Ümumilikdə, Siz 26 sentyabr referenduma çıxarılan konstitusiya islahatının lehinə və ya əleyhinəsiniz” sualına cavab olaraq respondentlərin 92,8% Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin lehinə olduqlarını bildirib.

Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməyib. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki,“Fikrinizcə, bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ hansıdır” sualına cavab olaraq, respondentlərin böyük əksəriyyəti – 77,4% “Dağlıq Qarabağ münaqişəsi” cavabını qeyd ediblər. Burada yalnız 5,8% məşğulluq, 5,3% isə iqtisadi məsələləri vacib məsələ kimi qeyd edib ki, bu da çox kiçik bir qism təşkil edir. Bu fikri anket vərəqində yer almış “Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir” sualına verilən cavablarda respondentlərin 91,4%-lə ölkədə inkişaf meylinin olduğunu göstərməsi də təsdiq edir.

Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada “2015-ci ildə keçirilən parlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz” sualına cavab olaraq respondentlər say çoxluğu ilə – 92,8% Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildirib ki, bu da əhalinin mövcud siyasi hakimiyyətdən razılıq əlaməti kimi qəbul edilə bilər. Bu razılıq digər suallarla bağlı cavablarda da öz əksini tapıb. Belə ki, respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkələrdə qeyri-stabil vəziyyət olduğu halda, Azərbaycan regionda ən stabil ölkədir.

Sorğu vərəqində Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilib və bunun əsasında alınan nəticələr belədir:

Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda, 89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9%-i insan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduqlarını bildirib.

Aparılmış sosioloji sorğunun nəticəsi kimi qeyd etmək olar ki, 26 sentyabr 2016-cı ildə ölkədə ümumxalq səsverməsinə (referendum) hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Belə ki, əhali referendumla bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. (Trend)