XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2015 - 08:27

Məhkəmədə Arif Yunusun halı pisləşdi – FOTOLAR
Məhkəmədə Arif Yunusun halı pisləşdi - FOTOLAR
Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi başlayıb.
Virtualaz.org-un verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmə prosesində məhkəmə zalına yalnız ABŞ, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri buraxılıblar.
Daha sonra içəri keçə bilmiş jurnalistlər də zaldan çıxarılıb.
Verilən xəbərə görə, Arif Yunusun vəziyyəti məhkəmədə qəfildən pisləşib, onun qan təzyiqi 220-yə yüksəlib.
Məhkəməyə çağırılan təcili yardım həkimləri ona iynələr vurublar.
Leyla Yunus hakimdən Arif Yunusun saxlandığı yerə – MTN-in təcridxanasına qaytarılmasını təmin etməyi xahiş edib. Bunu da belə əsaslandırıb ki, orada A.Yunusun öz həkimi var. Lakin hakim bu qərarı təcili yardım həkimlərinin rəyindən sonra verə biləcəyini söyləyib. Həkimlər isə A.Yunusun vəziyyətinin tezliklə normallaşacağını bildiriblər.
Bundan sonra prosesdə fasilə elan olunub.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.