Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nazir Zakir Həsənov bu gün, eyni zamanda, ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Bu görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.