XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 11:26

İndoneziya səfiri: “Müsəlman ölkələrinin milli möhkəmliyi gücləndirilməlidir”

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prayono Atiyantonun Strateq.az saytına müsahibəsi

 

 

 

Cənab səfir, İndoneziya İslam dünyasında və inkişaf etməkdə olan ölkələr sırasında ən uğurlu dövlətlərdən biridir. ölkənizin inkişaf  modeli hazırda araşdırmalar mövzusudur və nümunə kimi göstərilir. İndoneziya öz müstəqillik tarixində liberal demokartik rejim qura bilib həmçinin, avtoritar-hərbi rejim dövürünü keçib və sonradan yenidən demokratik idarəçilik modelini tətbiq edib. Qısa müddətdə bu cür çox ciddi transformasiyaları və uğurların əldə edilməsini nə ilə izah edərdiniz?

 

ölkəmizdə yüzlərlə etnik qrupların və müxtəlif sivilizasiyalar arasında harmonik yaxınlaşmanın möhkəm bünövrəsini qoymağa qadir olan İndoneziya Respublikasının qurucularına minnətdarıq. Lakin İndoneziyada siyasi transformasiya sadəcə bir gecədə baş vermir. İndiki demokratik İndoneziya siyasəti uzun siyasi mübarizə və çətin bir prosesdən keçib. İndoneziya demokratiyanın müxtəlif növlərini yaşayıb. Fikrimcə, İndoneziyada tətbiq edilən demokratiyanın hər bir növü İndoneziya siyasətinin dinamikasını və hər bir konkret dövrün liderlərinin uzaqgörənliyini və missiyasını əks etdirir.

1950-ci ildən 1957-ci ilədək tətbiq edilən liberal demokratiya İndoneziyada siyasi sabitliyi saxlamaq imkanına malik deyildi. Bu müddət ərzində İndoneziyada altı Kabinetin artması və azalması müşahidə olunub. İdarəolunan demokratiya siyasi sistem olaraq 1957-ci ildən 1966-ci ilədək İndoneziyanın ilk prezidenti Suxarto erasının sonunadək tətbiq edildi. Prezident Suxarto dövründə millətçilik, din və kommunizmi qarışdırmaq ideyası İndoneziyada siyasi sabitlik yaratmaq cəhdi idi. Prezident Suhartonun rəhbərliyi altında yeni rejim prezident Suxartonun idarəolunan demokratiyasına son qoydu. Prezident Suxarto Pancasilaya əsaslanan demokratiya tətbiq etdi. Milli ideologiya – Pancasila bir-biri ilə əlaqələnmiş və ayrılmaz beş prinsipdən ibarətdir, Tək və yeganə Allaha inam; Ədalətli və sivil bəşəriyyət; İndoneziyanın birliyi; Nümayəndələr arasındakı müzakirələrdən irəli gələn yekdillikdən doğan daxili müdrikliyin rəhbərlik etdiyi demokratiya; Bütün İndoneziya xalqı üçün sosial ədalət…

Qeyd edim ki, İndoneziya xalqının güclü iradəsi İndoneziya siyasətinin çevrilişində əsas rol oynayıb. Bu, İndoneziyada baş vermiş islahatlar prosesi ilə sübuta yetirilib. 1997-ci ildə Asiya maliyyə böhranının nəticəsi olan sürətli iqtisadi eroziya və prezident Suxartonun qanunlarına qarşı artan narazılıq nəticəsində yaranan kütləvi və sosial iğtişaşlar nəticəsində Suharto 1998-ci ildə istefa verdi və bununla islahatlar dövrü başladı. İndoneziyada islahatlar prosesi daha çox söz azadlığı və KİV-də daha açıq siyasi debatlar yaradır. İslahatlar prosesi İndoneziyanın müxtəlif dövlət müəssisələrində,  məhkəmə, qanunverici və icra hakimiyyəti  qurumlarında da dəyişikliklərə səbəb olub. İndoneziyanın təcrübəsi digər ölkələrə uyğun olmaya və ya tətbiq oluna bilməz. Bu əsasən, hər bir ölkənin yerli xüsusiyyətlərindən və müdrikliyindən asılıdır. Belə bir prinsip var ki, “bir ölçü hamıya uyğun deyil”.

Ən böyük müsəlman əhalisinə malik ölkə kimi İndoneziya həmçinin İslam dünyasında xüsusi yerə və rola malikdir. İslam ölkələri hazırda çox mürəkkəb mərhələdən keçir. Yaxın Şərqdə “Ərəb baharı”, İŞİD-in fəaliyyəti və s. İndoneziya İslam dünyasında dinclik və həmrəyliyin olması, inkişaf üçün hansı addımları atır, nələri təklif edir?

İndoneziya sülhməramlı kimi regionda və qlobal dünyada çox aktivdir. Bu İndoneziya qurucularının fikirlərindən ilhamlanmış uzun müddətli məsuliyyətdir və bu, İndoneziyanın, azadlıq, davamlı sülh və sosial ədalətə əsaslanan dünya nizamının yaradılmasında iştirak etmək öhdəliyinin əsasıdır. Sülhməramlılıq İndoneziya xarici siyasətinin mühüm elementinə çevrilib. İndoneziya Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı əməliyyatını (UNPKO) polis və əsgərlərlə təmin edən böyük ölkələrdəndir. Yəni, İndoneziya UNPKO-nu 2700 nəfərdən ibarət polis və əsgərlərlə təmin edən 11-ci ən böyük ölkəsidir. İndoneziya gələcəkdə daha çox töhfəsini verməyə hazırdır. İndoneziyanın əsas məqsədi UNPKO-ya ən azı 4.000 nəfərdən ibarət sülhməramlı verməkdir. ölkəmiz həmçinin, körpü kimi öz rolunu təbliğ edir. İndoneziya yardım və yumşaq qüvvə vasitəsilə sivilizasiyalar və qərblə müsəlman dünyası arasında dialoqu təşviq etməklə fəal şəkildə körpülər tikir. Amma radikallıq və zorakı ekstremizmin yayılmasının qarşısını almaq üçün birgə çalışmalıyıq. Biz münaqişələrin qarşısını almaq və qlobal bərabərsizliyin kökünü kəsməliyik.

İndoneziya demokratik idarəçilik üsul idarəsi, demokratiya və İslam ənənələrini birləşdirən az saylı müsəlman ölkələrindəndir. Etiraf edək ki,  bu çox nadir təcrübələrdən biridir. Artıq uzun müddətdir ki, dünyada İslam və demokratiya mövzusunda mübahisələr səngimir. İslam dəyərləri ilə demokratik üsul-idarənin əsas komponentlərinin  uzlaşması ilə bağlı müxtəlif fikirlər səslənir. Qərb ölkələrinin ekspertləri bu mövzuda son vaxtlar daha bədbin fikirlər səsləndirirlər.  İndoneziya təcrübəsini əsas götürərək Siz bu məsələ ilə bağlı  necə düşünürsünüz?

 Multikulturalizm və dinlərarası dialoq İndoneziyada çox təbliğ olunur. Din xadimlər və alimlər arasındakı, eləcə də dövlət qurumları arasındakı intensiv dialoq sivilizasiyaların  toqquşması ehtimalını azaltmağa kömək edib. Bu, İslam, demokratiya və müasirliyin bu gün İndoneziyada harmoniya şəklində birgə necə mövcud olmasını izah edir. İslam Əməkdaşlıq Təşkilatının (İKT) Baş katibi İyad Amin Əl-Mədəni,  İndoneziyanı regionda radikalizmin mövcudluğuna baxmayaraq demokratiya, İslam və müasirliyin birgə hərəkət etdiyi ölkə olaraq yüksək qiymətləndirib. İndoneziya “müasir” İslamın modeli olduğuna görə digər İKT ölkələri üçün də nümunə və həllin bir hissəsi ola bilər. Bu günə qədər, İndoneziya öz demokratiyasını inkişaf etdirməyə davam edir. İndoneziyanın demokratiyası kökünü yalnız azad seçkilər keçirməkdən deyil, həm də hakimiyyətin üç qolu arasında nəzarət və tarazlaşma sisteminin dəstəklənməsində, KİV və vətəndaş cəmiyyətinin rolunu gücləndirməklə yaxşı idarəçiliyi təmin etmək üçün çox çalışmaqdan alır.

İslahatların son on ili ərzində böyük təcrübə toplamışıq və başqalarının təcrübəsini də öyrənmək istəyirik. İndoneziya hesab edir ki, dialoqun genişləndirilməsi və intensivləşdirilməsi eləcə də bölgənin xalqları arasında qarşılıqlı anlaşma və razılıq hissinin artmasına töhfə verəcək demokratiya üzrə regional forumun yaradılması qaçılmazdır. Uzunmüddətli perspektivdə, ümid edirik  ki, forum, dünya sülh və sabitlik işinə öz töhfəsini verəcək. Bu baxımdan, İndoneziya 2008-ci ildə Bali Demokratiya
Forumunu (BDF) təşkil etdi. Bu, Asiya Sakit Okean regionunda demokratiyanın inkişafında illik, inklüziv və açıq hökumətlərarası forumdur. Forum, təcrübə mübadiləsi və bərabərliyi, qarşılıqlı hörmət və qarşılıqlı anlaşma prinsiplərinə riayət edən ən yaxşı təcrübələr vasitəsilə sülh və demokratiya sahəsində dialoq-əsaslı regional və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə yönəlib.

İndoneziya kimi Azərbaycan da dinlərarası dialoqun təşviqi, inkişaf etdirilməsi, tolerantlıq dəyərlərinin geniş yayılması ilə bağlı davamlı təşəbbüslər edir. İndoneziya Azərbaycanla bu istiqamətdə əməkdaşlıq edirmi?

İlk növbədə, İndoneziya və Azərbaycanın tərəqqi və inkişafı son günlər İslama qarşı mənfi kampaniya ilə mübarizədə müsəlman dünyasının uğurunu kəsb edir. İndoneziya və Azərbaycan eyni fikri bölüşür və dinlərarası dialoq və multikulturalizmin vacibliyini vurğulayır. ölkələrimizin din xadimləri və alimlərinin arasında danışıqlar olub və görüşlər keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyev 2014-cü ilin 29-30 avqust tarixində İndoneziyanın Bali adasında, Nusa Duada keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VI Dünya Forumunda iştirak edib. Eyni zamanda, 2015-ci ilin 18-19 may tarixlərində Bakıda keçirilmiş III ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İndoneziya nümayəndə heyəti iştirak edib. İndoneziya həmçinin, 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Dünya Forumu çərçivəsində öz qabaqcıl təcrübəsini bölüşməyə hazırdır.

Dünya əhalinin 20 faizdən çoxunu müsəlmanlar təşkil edir.  Amma müsəlman ölkələri dünya ümumdaxili məhsulunun 7 faizini istehsal edir.  Müsəlman ölkələrinin dünya ixracatında payı 10 faizdir. Necə düşünürsünüz müsəlman ölkələrinin bu vəziyyəti daxili amillərlə, yoxsa xarici təsirlərlə bağlıdır? Yaxud müsəlman ölkələri arasında rəqabət meyilləri əməkdaşlığı üstələyir?

Biz bilirik ki, bir sıra müsəlman ölkələrinə çoxlu təbii sərvətlər bəxş edilib. Ona görə də inanıram ki, müsəlman ölkələrinin qlobal ticarətdə öz payını artırmağa potensialı və gücü var. Bunu etmək üçün, müsəlman ölkələrində sülh və sabitlik qorunmalıdır. Müsəlman ölkələrinin milli möhkəmliyi gücləndirilməlidir. Müsəlman ümmətinin arasında kollektiv davamlılıq, əməkdaşlıq və həmrəylik də təbliğ edilməlidir. Müsəlman ölkələri arasında ticarət intensivləşdirilməlidir. Müsəlman ölkələri də qlobal iqtisadi qərarların qəbul edilməsi prosesində fəal rol almaları üçün daha yaxşı iqtisadi göstəricilər və inkişafa nail olmalıdırlar. Bununla bağlı, Müsəlman ümməti arasında İndoneziya, dünyada ən iri iqtisadiyyata malik olan Böyük İyirmilikdə (G-20) təmsil olunur.

Cənab səfir, İslam Konfransı Təşkilatı ilə bağlı son zamanlar bədbin fikirlər səslənir. Qeyd olunur ki, təşkilat öz missiyasını yerinə yetirə, İslam ölkələri üçün çox vacib məsələlərə adekvat reaksiya verə, mövqe ortaya qoya bilmir. Təşkilatın önə çıxan üzv ölkələrdən birinin rəsmisi kimi bu fikirləri nə dərəcədə həqiqətə uyğun hesab edirsiniz?

Fikrimcə, müsəlman dünyasının ən böyük forumu kimi İslam Əməkdaşlıq Təşkilatı (İKT) beynəlxalq forumlarda öz qayğısını, marağını bildirməsi üçün strateji və mühüm rol oynayır. Əslində İKT öz üzvlərinin ehtiyaclarını, mövcud reallığı və qlobal çağırışlara məsuliyyətli olan təşkilata çevrilmək üçün konkret və zəruri tədbirlər görüb. İKT-nin fəal rolu müxtəlif sahələrdə, xüsusilə ətraf mühit, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı, ticarət, elm və texnologiya, səhiyyə, turizm, biologiya, su, uşaqlar, insan hüquqları, mədəniyyət, əmək kimi sahələrdə tətbiq etdiyi proqram və fəaliyyətində öz əksini tapır.

Biz həmçinin, İslam ümməti üçün elmi tədqiqatların genişləndirilməsi və maarifləndirmə işininin gücləndirilməsi sahəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO-nun) fəaliyyətinin mühüm və strateji töhfəsini qeyd etməliyik. İndoneziya, dünyada ən çox müsəlman əhalisi olan ölkə kimi, ardıcıl şəkildə İKT-nın tədbirlərində iştirak edir və dəstəkləyir. İndoneziyanın müsəlman dünyası qarşısında duran strateji vəzifələri həll etmək üçün Sülh və Münaqişələrin Həllində (SMH üzrə İslam Konfransı Təşkilatının Təmas Qrupu) İKT-nin Təmas Qrupunun yaranmasında böyük marağı var. İndoneziya Myanmada müsəlman rohincaların taleyinə və islamofobiyaya da xüsusi diqqət yetirir.

Filippin hökuməti ilə Moro Milli Azadlıq Cəbhəsi arasında baş vermiş münaqişənin 1996-cı il Sülh Sazişinə istinadən İKT-nin həlli səylərində  İndoneziya da fəal rol oynayıb. İndoneziya Cənubi Filippin (OİC-PCSP) üçün İKT Sülh Komitəsinin sədri seçilib. İndoneziya qəti şəkildə paytaxtı Qüds olmaqla yaxın şərqdə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Bu dəstək, 15 noyabr 1988-ci il tarixində Fələstin Milli Şurasının müstəqilliyinin elan edilməsinin tanınması ilə diplomatik yollar vasitəsilə də nümayiş etdirilib.

Bu dəstək, 19 oktyabr 1989-cu il tarixində İndoneziya hökumətinin Fələstinlə diplomatik münasibətlərinin başlanması ilə də nümayiş etdirilib. İndoneziya  1975-ci ildə yaradılan Əl Qüds (Yerusəlim) Komitəsinin üzvüdür. Fələstin Dövlətinin BMT-də qeyri-üzv müşahidəçi  statusu təsdiq edilən zaman və qeyri-üzv müşahidəçi statusu kimi Fələstin Dövlətinin bayrağı BMT-də dalğalanan zaman dəstək olan ölkələr sırasında İndoneziya da var idi. İkitərəfli səviyyədə, son 7 il ərzində, İndoneziya, Fələstin Dövlətinin imkanlarının genişləndirilməsi üçün güclü tərəfdaşlıq qurulub. İkitərəfli səviyyədəki səylərindən əlavə, İndoneziya, həmçinin Fələstinin inkişafına yardım uzadılması üçün üçtərəfli tədbirlərdə də iştirak edir. Şərqi Asiya ölkələri arasında Əməkdaşlığa dair Konfrans (CEAPAD) çərçivəsində regional əməkdaşlıq vasitəsilə İndoneziya həmçinin, Fələstinin dövlət quruculuğu səylərində də iştirak edir. İndoneziya Fələstin Dövləti üçün İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi yaradılmasını da dəstəkləyir. Əl-Qüds Əl-Şərif şəhəri üçün Strateji İnkişaf Planının həyata keçirilməsini də İndoneziya dəstəkləyir. İndoneziya, qida, enerji, səhiyyə, təhsil və qadınların gücləndirilməsi sahəsində Davamlı İnkişaf Məqsədlərinə (SDGS) nail olmaq üçün İKT-yə üzv ölkələr arasında əməkdaşlığı təşviq edir. Bir daha, biz İslamı sülh, mərhəmət və dostluq dini kimi təbliğ etməliyik. İndoneziya və Azərbaycan İslamın bu dəyərlərini  dünyaya  təqdim etmək üçün fəal iş aparmağa davam etdirməlidir.

İndoneziya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə xarakterizə etmək olar?

Beynəlxalq forumlarda ölkələrimiz arasındakı ikitərəfli güclü əlaqələr və dostluq münasibətləri, eləcə də ortaq maraq 23 il bundan əvvəl yaranıb. İndoneziya və Azərbaycan beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq tərəfindən tanınan bir-birinin suverenliyini və əraz
i bütövlüyünü dəstəkləyir. Bu güclü münasibətlər və dostluq həm də İndoneziyanın Bakıdakı səfirliyinin, eləcə də Azərbaycanın Cakartadakı səfirliyinin mövcud olmasında öz əksini tapıb. Hökumət rəsmiləri və millət vəkillərinin qarşılıqlı səfərləri yüksək səviyyədədir.

Parlamentdə İkitərəfli Əməkdaşlıq Qrupu yaradılıb. Bu səylər siyasi yaxınlığımızı iqtisadi və sosial mədəni yaxınlığa çevirmək məqsədi ilə atılıb. İndoneziya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əsasən güclü ticarət əlaqələri ilə səciyyələnir. 2014-ci ildə ticarət dövriyyəsinin ümumi dəyəri 2,04 milyard ABŞ dolları olan İndoneziya Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. 2 milyard ABŞ dolları olan İndoneziyanın Azərbaycandan idxalı, 32 milyon ABŞ Dolları olan İndoneziyanın Azərbaycana ixracatı ilə müqayisədə çox kiçikdir. Bu isə İndoneziya üçün böyük ticarət kəsiri deməkdir. İndoneziyanın Azərbaycandan əsas ixrac etdiyi xam neft İndoneziyanın enerji təhlükəsizliyində istifadə edilir. Digər tərəfdən, İndoneziyanın Azərbaycana əsas ixrac  etdiyi məhsullar xam palma yağı, kağız salfetlər və digər məhsullardır.

2010-cu ilin iyun ayından etibarən İndoneziya Araşdırmalar Mərkəzinin Azərbaycan Dillər Universitetində mövcudluğu Azərbaycanlı tələbələri və ümumiyyətlə, Azərbaycan xalqı arasında İndoneziya haqqında bilik və anlaşmanın təşviqinə öz töhfələrini verib. Hər il 10 Azərbaycanlı tələbə İndoneziya Araşdırmalar Mərkəzinə daxil olur. İndiyədək 30-dan çox tələbə  İndoneziya Araşdırmalar Mərkəzini bitirib bakalavr dərəcəsi alıb. Bir çox azərbaycanlı tələbələri İndoneziya hökuməti tərəfindən təmin edilmiş təqaüd proqramlarında iştirak edib. İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü (İACS) azərbaycanlı tələbələri təxminən 3 ay ərzində İndoneziyanın müxtəlif sənət mərkəzlərində İndoneziya incəsənəti və mədəniyyəti haqqında öz anlayışlarını dərinləşdirmək imkanı ilə təmin edir. İncəsənət mərkəzləri Bandunq (Qərbi Yava), Denpasar (Bali adası), Makasar (Cənubi Sulavesi), Solo (Mərkəzi Yava) və Surabaya (Şərqi Yava) şəhərlərində yerləşir. Bu proqramlar da xalqlar arasında qlobal anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir. Digər təqaüd proqramları məhz Darmasisva və KNB (inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq) proqramları da vardır. İnanıram ki,  bizim ölkələrimizin təşviq ediləcək əməkdaşlıq üçün böyük potensialları var. Sərmayə qoyuluşu əməkdaşlığını başlamaq lazımdır. Turizm sektoru genişlənməlidir. Xalqlar arasındakı ünsiyyətin daha da güclənməyə ehtiyacı var. Biz, həmçinin, İndoneziya Respublikası prezidentinin Azərbaycan Respublikası prezidenti ilə səfər mübadiləsini həyata keçirməliyik. İnanıram ki, səfərlərin bu mübadiləsi ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərini gücləndirəcəkdir.

 

İndoneziya iş adamları Azərbaycana investisiya qoyurlarmı? Daha çox hansı sahələr ölkəniz üçün maraqlıdır? Hansı istiqamətlərdə iqtisadi tərəfdaşlığın inkişaf potensialı var?

Hələ ki, Azərbaycanda İndoneziya investoru yoxdur. İndoneziyanın Dövlət Şirkəti olan Pertamina SOCAR arasında mümkün investisiya əməkdaşlığı da daxil olmaqla, uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindədir.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda bəzən belə fikirlər səslənir ki, İslam ölkələri Bakını daha fəal dəstəkləməli, Ermənistana təzyiqləri artırmalıdırlar. Bu məsələdə azərbaycanlı ekspertlər nə dərəcədə haqlıdırlar? İndoneziya bu istiqamətdə hansı mövqedən çıxış edir?

Müsəlman ölkələri hər zaman İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş bir sıra qətnamələr vasitəsilə Azərbaycana öz həmrəylik və dəstəyini göstərib. Bununla əlaqədar, İndoneziya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq tərəfindən tanınan hər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə riayət və hörmət edilməlidir. İndoneziya da münaqişənin sülh yolu ilə həllini tapmaq üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə davam edir. Ona görə də biz ümid edirik ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ən yaxın zamanda status-kvonu sonlandırmaq üçün müsbət və konkret nəticələr verəcək. Yəni nə qədər tez olsa, o qədər yaxşıdır. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında davam edən ikitərəfli danışıqlar, sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli həllinə nail olmaq üçün çox vacibdir.

 

Laçın SƏMLA