XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 08:23

Rauf Arifoğlu, həqiqətən də, əməkdar jurnalistdir- Etiraf

Gəlin, ədalətli olaq. Rauf Arifoğluna qarşı irəli sürülən bir çox ittihamlar qərəzlidir. Əsasən də onun “əməkdar jurnalist” adına layiq görülməsini, az qala, siyasi məsələyə çevirmək xeyli qərəzli görünür. Unutmayaq ki, bu adam mükafatı siyasi xadim kimi yox, qəzetçi kimi alıb və həqiqətən də, bu sahədə əməkdardır. Rəhbərlik etdiyi qəzet, uzun illərdir ki, Azərbaycan mətbuatının ən populyar ünvanı adını qoruyub saxlaya bilib. Qərəzli, ya qərəzsiz, yazdığı yazılarla uzun illər cəmiyyətimizdə çalxalanmalar yaradib, indi də yaradır. Əməkdar jurnalist olmaq üçün daha nə edilməlidir? Fikrimcə, səbəb nə olursa olsun, biz bu fakta qiymət verməliyik.

Biz ona qiymət verməliyik ki, Rauf Arifoğlu bir çox siyasi xadim kimi, müxalifətçi şinelinin altında hakimiyyət məddahlığını gizlətmir. “Mən müxalifətçi deyiləm, jurnalistəm. Yeri gələndə hakimiyyəti tərifləyər, yeri gələndə pisləyərəm” deyib şinelinə uyğun daxili mahiyyətini ortaya qoyur.

Açığı, mən jurnalistlik fəaliyyətinin dövlət tərəfindən verilmiş hansısa təltiflərlə mükafatlandırılmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, jurnalist öz mükafatını oxucularından almalı, yazlarını oxuduğu, çıxartdığı qəzeti aldığı üçün yalnız və yalnız oxucuya minnətdarlıq duymalıdır. Bir jurnalist üçün ən böyük mükafat isə oxucu tərcihi, oxucu rəğbəti olmalıdır. Rauf Arifoğlunun sahibi olduğu “Yeni Musavat” qəzeti də, bəyənib bəyənməməyimizdən asılı olmayaraq, bəhs etdiyimiz müklafatı qazanan bir neçə mətbu orqandan biridir.

O ki qaldı medianın dövlət tərəfindən mükafatlandırılmasına, bunu düzgün hesab etməsəm də, hər halda məsuliyyətlisi də Rauf Arifoğlu deyil. Hər sahədə öz seçim haqqını siyasi rejimə uduzan cəmiyyətimizin reallığıdır. Cəmiyyət öz əməkdar jurnalistini seçə bilmədiyinə görə, onun əvəzinə bu qərarı vermək də dövlətin boynuna düşüb. Rauf Arifoğlu bu reallıq içərisində əslində, həqiqətən, layiq olduğu mükafatı dövlətin əlindən alırsa, bunu normal qəbul etmək lazımdır.

Həqiqətən də bu ölkədə jurnalistlik fəaliyyətinə və bacarığına görə, mükafatlandırılacaq bir neçə adam varsa, onlardan biri “Yeni Musavat”-ın sahibi olmalıydı. Necə ki, oxucu seçimi də bu cür düşünməyə əsas verir. Hər halda Rauf Arifoğlunu bəyənməyənlərin belə ən çox oxuduğu mətbu orqanın yenə ona məxsus olduğu danılmazdır.

Rauf bəyin siyasi arenadan ayrılmaqla demokratik düşərgəyə zərbə vurduğunu deyənlər də haqlı deyillər. Əgər bu adam, doğrudan da, bu cür təhlükəlidirsə, onun demokratik düşərgədə qalması Azərbaycan siyasətinə nə qazandıra bilərdi? Əgər bu iddianı irəli sürənlər haqlıdırsa, niyə onlar bir təhlükənin uzaqlaşdığına sevinmək yerinə, üzülürlər?

Sözügedən mükafatı almaqla Rauf Arifoğlunun anti-demokratik rejimlə barışdığı fikrini də qərəzli hesab edirəm. Ona görə yox ki, Rauf bəy rejimlə barışmayıb. Ona görə ki, rejimlə barışan təkcə Rauf bəy də deyil. 20 ildir ki, rejimə qarşı tutarlı siyasi aksiya keçirə bilməyib vaxtaşırı qınına çəkilən müxalifətin özü də, onun çağırışılarına lazımınca əhəmiyyət verməyən cəmiyyətimiz də rejimlə barışıb. Bu qədər barış tərəfdarının içərisində yalnız bir nəfərdən qəhrəmanlıq gözləmək sadəlövhlük və rasionallıqdan uzaq olardı.

O başqa məsələdir ki, Rauf Arifoğlu bu rejimə qarşı vaxtilə ən ağır ittihamları irəli sürənlərdən, tənqiqini hətta təhqir səviyəsinə yüksəldənlərdən idi və vaxtilə min cür söz dediyin ünvanın əlindən indi mükafat almaq və bunu reklam etdirmək siyasi əxlaqla uzlaşmır. Amma siyasi tərəfinin qalmadığını bəyan edən bir insandan siyasi əxlaq gözləməyin özü doğrudurmu? Məncə, yox!

Zənnimcə, bu, hərbi xidmətdən geri qayıdan birindən niyə hər səhər o başdan oyanıb əsgər sırasında durmamağı tələb etmək qədər absurddur. Bir dəfəlik anlamaq lazımdır ki, Rauf Arifoğlu çoxdan rejimə qarşı mübariz demokratiya ordusu sırasını tərk edib. Onu bu əsgəri xidmətin qaydalarına uyğun hərəkət etməməkdə günahlandırmaq isə adamı zorla həmin düşərgədə saxlamaq cəhdindən başqa bir şey deyil.

Gəlin, bunu da etiraf edək ki, “kimlər nəsə deyəcək” deyə, dünən etdiyin səhvi bu gün eynilə davam etdirmək də ərdəmlilik deyil. Səhvini anlayan bir insanı ictimai qınaqla öz mövqeyində saxlamağa çalışmaq da həmçinin…

Qısası, Rauf Arifoğlunu çox şeydə günahlandırmaq olar, yalnız bir şeydən başqa- onun əməkdar jurnalist olmadığını demək ədalətsizlikdir.