XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 09:25

“Əli qanlı cəllad, islahatçı, Qərbin agenti, qorxaq siyasətçi…?”

zaur.jpg

Zaur İbrahimli

Azərbaycanlılar Qorbaçovun əsl simasını dünyaya tanıda bildilər

Bu gün, martın 2-də SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun 84-cü doğum günüdür

Tarixdə iz qoymuş şəxsiyyətlərin, siyasətçilərin, liderlərin əksəriyyəti öz müasirləri, həmçinin gələcək nəsillər tərəfindən birmənalı qiymətləndirilmir. Tarixin qalareyasına baxdıqda burada daha çox təzadlı simalarla qarşılaşırıq və artıq tədqiqatçılar, hətta sadə insanlar belə buna təmkinlə, emosiyasız yanaşmağı öyrəniblər. Artıq demək olar ki, hamı tarixi şəxsiyyətlərə gündəlik həyatda istifadə etdiyimiz pis-yaxşı, cəsur-qorxaq, mərd-namərd, zalım-xeyxah kimi təyin və anlayışlarla birmənalı qiymət verməyin düzgün olmadığının fərqindədir. Bununla belə xarakterində, davranış və əməllərində o qədər təzad və qeyri-müəyyənlik, xaotiklik, zamana qarşı çıxmaq, ayrıseçkilik müşahidə olunan siyasətçilər, liderlər, dövlət başçıları da var ki, onlara münasibətdə, hətta yaxın çevrəsindəki insanların, silahdaşlarının fikriləri haçalanır. SSRİ-inin ilk və son prezidenti SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin son Baş katibi, Mixail Qorbaçov məhz bu cür siyasətçilər sırasında ilk yerlərdən birini tutur.

SSRİ rəhbərliyinə gələndə onun müasirləri və artıq başqa zaman və dövlətdə yaşayan, 83 yaşlı Qorbaçovu sağ görmək imkanına malik insanlar üçün belə onun sovet imperiyasının lideri kimi atdığı bir çox addımların düşünülmüş strategiyanın bir elementi, yaxud vahimə və qorxudan, qeyri-peşəkarlıqdan qaynaqlanan impulsiv təşəbbüslər olduğunu qiymətləndirmək çox çətindir. Bu persona ictimai şüurda islahatçı, Qərbin agenti, qorxaq siyasətçi, SSRİ-nin qatili, əli günahsız insanların qanına batmış cəllad obrazında qiymətləndirilir. Adətən tarixi şəxsiyyətlərə münasibətdə ümumi dəyərləndirmədə prinsipial fəqliliklər ortaya çıxsa da ayrı-ayrı epizodlarla bağlı ortaq fikirlər nəzərə çarpır. Qorbaçova münasibətdə belə məqamlar yetərincədi.

Qorbacev.jpg

Qorabçov tipik sovet partnomenklatura təmsilçisi olaraq SSRİ kimi nəhəng ölkədə Andropovun hakimiyyəti dövründə toxumları səpilən islahatları idarə etmək üçün tələb olunan keyfiyyətlərə malik deyildi. Onun bunun üçün yetərincə siyasi səriştəsi, peşəkarlığı və təcrübəsi, lider kimi xarizma və nüfuzu yoxuydu. Onun SSRİ-də hakimiyyətin olimpinə çıxması xeyli dərəcədə bürokratik uğur və konsensus sayıla bilərdi, nəinki siyasi mübarizənin nəticəsi.

Hakimiyyətə gəlişindən dərhal sonra o situasiyanı deyil, artıq situasiya onu idarə edirdi və Qorbaçovu yamacdan aşağı hərəkət edən, mühərriki dayanmış avtomobilin sürücüsü ilə müqayisə etmək olar. O, yalnız hələ ki, sükanla manevr edə bilir və arada əyləcdən yararlanırdı. Hərəkəti tənzimləmək, istiqamət seçmək artıq onun iradəsi xaricində idi.

Qorbaçov SSRİ-ni dağıtmaq yox, yeni formada saxlamağa və möhkəmləndirməyə çalışırdı. İttifaq respublikalarında həyata keçirilən kadr dəyişiklikləri və 20 yanvar da daxil olmaqla sovet ordusunun törətdiyi qırğınlar bu istəkdən irəli gəlirdi.

Qorbaçov siyasi lider kimi ətrafınadan və həyat yoldaşından həddindən çox asılıydı və çox zaman bu səbəbdən bir-birinə zidd, məntiqdən kənar addımlar atırdı.

Qorbaçov yeni ideyalar, təşəbbüslər irəli sürsə də, əksər məsələlərdə mahiyyət etibarilə sovet partnomenklaturasının yetirməsi olaraq qalırdı və bu ziddiyyət çox böyük fəsadlar yaradırdı. Bu baxımdan, o, mütləq uduzacaqdı: onu ya əsl islahatçılar, ya da mühafizəkarlar məğlub edəcəkdi.

Azərbaycanlılar üçünsə Qorbaçov, hər şeydən əvvəl, ermənilərin havadarı, Qarabağ münaqişəsinin yaradıcılarından və Bakıda qanlı 20 yanvar qırğınının müəlliflərindən biridir. Zaman keçdikcə, SSRİ-nin ilk və son prezidentinin ermənilərin təsiri ilə Qarabağın Azərbaycandan ayrılması üçün ilk addımlar atdığı, erməni separatizminin təşviqi ilə bağlı rolu daha aydın görünür. Məhz onun dəstəyi dünyadakı erməni lobbisinin hazırlamaqda olduğu, Yerevanın icrasına tələsdiyi Qarabağın və Azərbaycanın digər ərazilərinin zəbt olunması planı sonda uğurla həyata keçdi. Qorbaçov amili, onun və həyat yoldaşının ermənilərə xüsusi rəğbəti ermənilərin separatçılığı, işğalçılıq siyasəti üçün əsas istinad nöqtəsi oldu. Qorbaçov dövründə atılan addımlar sonradan Kremldə bu xəttin davam etdirilməsinə zəmin yaratdı.

Bakıdakı qanlı 20 yanvar hadisələri isə onun tərcümeyi-halında qara ləkə kimi, hər zaman qalacaq. Məhz onun “dəyənək siyasətinə” söykənmək cəhdi, qorxaqlıq və siyasi səriştəsizliyi 20 yanvar hadisələrinə yol açdı. Retrospektiv təhlil edən zaman anlaşılır ki, bu aksiya tipik Qorbaçova məxsus qorxaqlığın bariz nümunəsi idi və onun yalnız sözdə islahatçı olmasını təsdiqlədi. Azərbaycanlılar əsl Qorbaçovu dünyaya tanıda bildilər.

Zaur İbrahimli