Zaur İBRAHİMLİ
Yenə hər şey Parisdən, Fransadan başlayır. 230 il əvvəl Böyük Fransa İnqilabı dünyanı tamam dəyişdi və qlobal transformasiyaya start verdi. Parisdən verilən impuls 50, 100 il sonra bütün dünyanı dəyişməyə yetərli oldu.
İndi isə “sarı gödəkçəlilər”in hərakatı qlobal dəyişikliklər üçün yeni impuls verib. Mövzu isə əbədidir: Maliyyə, kapital (Əmək, zəhmətkeş) Gəlirlərin bölüşdürülməsi (Ədalətli qazanac).
Sonuncu Davos forumu ( 2018) ərəfəsində “Qlobal risklər” Hesabatında xüsusi qeyd olunurdu ki, bir çox ölkələrdə qeyri-bərabərlik dəhşətli problemə çevirilib. “Sarı gödəkçəlilər” hərəkatı problemin miqyasını bir daha nümayiş etdirdi. Bu problem hələ Qədim Romada özünü qabarıq göstərəndə imperator Sulla diktaturası dövründə “Dəbədəbə üçün vergilər” müəyyənləşmişdi. Sulla qanunvericiliyi keçiriləcək mərasimlərə qədər xərclənəcək vəsaitin yuxarı həddini müəyyən edirdi.
Daha sonra gəlirlərin bölüşdürülməsi üçün qanunvericilik islahatları və azad bazar prinsiplərini pozmayan mexanizmlər tətbiq olundu.
Ümumiyyətlə, son 150 il faktiki olaraq ictimai və iqtisadi inkişafda həm qlobal miqyasda, həm də ölkələr miqyasında gəlirlərin bölüşdürülməsi əsas dilemmalardan biri olaraq gündəlikdən düşməyib. Sosial rifah dövlət paradiqması nə qədər təbliğ olunsa da, bu gün yaranmış vəziyyət göstərir ki, problem daha da ciddiləşib. Ümid edək ki, Paris etirazlarından sonra bu problemin həlli üçün bütün dünyada daha ciddi addımlar atılacaq. Əks halda Paris kommunasının davamı kimi SSRİ-nin meydana çıxması ilə bağlı daha bir oxşar təcrübə yaranacq. Hər halda heç kim yenidən “Avropa üzərində inqilab kabusu dolaşır” ifadəsinin obrazlı deyil, real şəkildə islənməsini arzulamır. Unutmaq lazım deyil ki, hamının bərabər olması real olmasa da, hamı üçün qismən də olsa, müxtəlif səviyyələr üzrə bərabər imkanlar yaradılması mümkündür!
Maliyyə və kapitalın həddindən artıq hökmranlığı isə dünya müharibəsindən başqa heç nə vəd etmir. Kapitala hökm edənlər yaxtalarla və s. oynamaqdan bezdikdən sonra müharibə-müharibə oynamağa başlayırlar…