XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 13:39

Cəmiyyət nə gözləyir?

zaurZaur Ibrahimli

Hakimiyyətdən islahat, müxalifətdən inam, sabitliyə davam…

Azərbaycan vətəndaşları nədən əksər proqnoz və arzulara rəğmən, proletar instinktlərini arxa plana keçirməyə üstünlük verirlər?

Manatın devalvasiyası bir gün ərzində ölkədə ümumi ab-havaya həlledici təsir göstərdi və demək olar ki, bütün təbəqələrə məxsus emosional reaksiya ilə yadda qaldı. Əslində, bu cür reaksiya gözlənilən idi və şübhəsiz ki, milli valyutanın bir gündə 30 faizdən çox devalvasiyasına qərar verənlər əsas milli xüsusiyətlərimizdən olan “emosional vulkan” amilini də nəzərə almışdılar. Həmçinin, əminəm ki, necə böyük reputasiya riskinə getdiklərinin də fərqində idilər. Hakimiyyətdə olmağın üstünlüklərindən biri də xalqın psixologiyasını yaxşı öyrənmək imkanıdır, axı. Eyni zamanda, iqtidar olmaq saysız informasiya mənbələrinə çıxış deməkdir və hakimiyyət mütəmadi olaraq, çox məlumatlı olduğunu nümayiş etdirir. Gəlin razılaşaq ki, devalvasiya prosesi və onun mümkün nəticələri ilə bağlı da hakimiyyətin düşünüb-daşınmaq və prosesləri proqnozlaşdırmaq üçün kifayət qədər bilik və təcrübəsi mövcuddur. İlk dəfə deyil ki, hakimiyyət bu və ya digər səbəbdən sosial, iqtisadi və siyasi kontekstdə risk kimi qəbul edilən qərarlar verir. Müşahidələr göstərir ki, riskli addımlar atmaq və bunun nəticələrini proqnozlaşdıraraq, prosesləri idarə edərək nəzarətdə saxlamaqla bağlı iqtidar böyük praktik bacarıqlara malikdir. Son 10 ilin təcrübəsini təhlil etsək, görərik ki, əvvəla, ayrı-ayrı epizodlarla, şəxs və fiqurlarla bağlı deyil, geniş planda hakimiyyət “qırmızı xətlərin” haradan başlayıb-harada bitdiyini incəliklərinə qədər yaxşı öyrənib; ikincisi, xalqın əsas sosial, siyasi tələblər iyerarxiyasını da çox yaxşı bilir. Son 10 illik siyasətdə məhz bu iki amil qərarların qəbulu üçün əsas olub.

merkezi_bank_0001.jpg

Hakimiyyət məntiqini və siyasi proseslərin bundan sonra hansı istiqamətdə cərəyan etməsini təxmin etmək üçün ikinci amillə – xalqın əsas sosial, siyasi tələblər iyerarxiyası ilə bağlı çox ciddi təhlillərə ehtiyac var. Bu tələblər iyerarxiyasının formalaşması və bərqərar olmasına ən müxtəlif faktorlar təsir göstərir və detallı analiz üçün ayrıca tədqiqatlar gərəkir. Bununla belə, ümumiləşdirilmiş mühakimələr yürütmək və müəyyən məsələlərə işıq salmaq mümkündür. Bu qənaətlərimiz, ola bilsin ki, ifrat praqmatik və sırf merkantil yanaşmanın nümunəsi kimi qiymətləndirilsin. Olsun. Yanaşmalar fərqli ola bilər, amma əsas məsələ gerçəkliyi düzgün anlamaq və qiymətləndirməkdir.

Sabitlik, islahatlar arzusu və müxalifət

Azərbaycan xalqı üçün sabitlik bir nömrəli prioritet olaraq qalmaqdadır. Mətbəx siyasəti və siyasətçilərinin mülahizələrindən tutmuş, ictimai nəqliyyatdakı müzakirələrin və akademik disputların əsas qayəsi və mübahisəsiz postulatı – “Azərbaycana hər şeydən əvvəl sabitlik lazımdır” fikridir. Yerləşdiyi geosiyasi məkandan dolayı, azərbaycanlılar üçün dinclik hər şeydən vacib amilə çevrilib. Əsrlərdən bəri, bu yanaşma genetik kodun “alfa”sına çevrilib. Geosiyasi, geostrateji anlamda həssas bölgədə yerləşən Azərbaycan qlobal qarşıdurmaların təsirini hər zaman çox aydın şəkildə hiss edib. Bu qarşıdurmalar qarışıqlıq, yadelli əsarət və torpaq itkiləri ilə təzahür edib. Tariximiz elə bu qarşıdurmalar və onların fonunda formalaşıb. Bu baxımdan, azərbaycanlıların altşüurunda sabitlik prioriteti xüsusi önəm daşıyır. Xüsusən SSRİ-nin son və müstəqillik dövrünün ilk illərində baş vermiş hadisələr sabitliyə ictimai şüurda necə böyük önəm verildiyini sərgilədi. Qlobal miqyasda baş verən hadisələr, dəyişikliklər Azərbaycanda, ilk növbədə, sabitlik amili nöqteyi-nəzərindən qiymətləndirilir. Sabitlik üçün, azacıq da olsa, təhlükə daşıyan tendensiyalara, proseslərə cəmiyyətdə böyük şübhə ilə yanaşırlar. 2003, 2005-ci illərdə və hazırda da dünyada baş verən proseslər fonunda bu şübhə və tərəddüdləri aydın hiss edirik.

mitinq.jpg

Azərbaycan xalqı onu idarə edən hakimiyyəti də, ilk növbədə, ölkədə sabitliyi nə dərəcədə saxlaya bilməsi nöqteyi-nəzərindən qiymətləndirir. Bu indikator əhəmiyyətinə görə, digərlərini çox üstələyir. Məhz sabitliyin qorunması üçün elktorat digər zəiflikləri, yanlışlıqları o qədər də qabartmır və yaxud dözüm nümayiş etdirməyə üstünlük verir. Başqa sözlə desək, bu yanaşmanı seçənlər hər zaman çoxluq təşkil edir.

Azərbaycanlılar islahatlara da sabitlik prizmasından yanaşırlar. Həmçinin, nəzərə almaq lazımdır ki, təbiət etibarı ilə adaptasiyaya üstünlük verən cəmiyyətimiz öncə uyğunlaşmağa çalışır. Eyni zamanda bu adaptasiya islahatların dəstəklənməsinə mane olmur və əksinə yeniliklər üçün hər zaman ictimai dəstək ifadə edilir. İslahatlar niyyəti və proqramı sabitlik prioritetinə zidd olmadıqca, yaxud belə qəbul olunmadıqca ictimai dəstək çox aydın şəkildə ifadə olunur. Lakin islahatlar proqramının dinclik, sabitlik üçün təhdid yaradacağı ehtimalı olanda risk etmək meyli sıfra bərabər olur. Azərbaycan cəmiyyəti məhz sabitlik prioriteti çərçivəsində islahatları dəstəkləməyə hazırdır. Bu çərçivədən kənar bütün təşəbbüslər xaos, qarşıdurma, dincliyin pozulmasına təhlükə kimi qiymətləndirilir. Odur ki, cəmiyyət, adətən, “yuxarıdan başlayan islahatlar”ı daha çox həvəslə dəstəkləyir, “aşağıdan islahatlar” təşəbbüsü ilə çox nadir hallarda özü çıxış edir. Elə ümumi qəbul olunmuş yanaşma da daha çox məhz “yuxarılar”ın islahata təşviq edilməsidir. çünki “yuxarı”dan başladılan islahatlar məhz sabitlik prioriteti çərçivəsində nəzərdən keçirilir.

Bu baxımdan, hakimiyyətin hazırki şəraitdə çox böyük üstünlükləri və resurslarının olduğu qənaətindəyik. Hakimiyyət alternativlərinin fikirləri, ideyaları bir çox hallarda rəğbətlə qarşılana, emosional dəstək ala bilər, lakin bunun praktik dəstəyi çevrilməsi üçün, ilk növbədə, cəmiyyəti həmin alternativlərin bacarıqla həyata keçiriləcəyinə və bunlar nəticəsində sabitliyin, dincliyin pozulmayacağına inandırmaq zəruridir. Sözsüz ki, bununla bağlı hakimiyyət opponentlərinin ciddi problemləri var. Elə məhz bu səbəbə görədir ki, virtual və emosional dəstək praktik ifadəyə çevrilmir…

Sosial tolerantlıq amili

Manatın devalvasiyası ilə bağlı emosiyalar vulkanı getdikcə sakitləşir və görünən budur ki, insanlar hakimiyyəti islahatlara təşviq etməyə daha çox üstünlük verirlər. Yuxarıda qeyd etdiyimiz kimi, insanlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış forma
sına çevrilib. İnsanlar manatın devalvasiyasından çox narazı olduqlarını gizlətmirlər, bununla belə, minumum ziyan dəyməsi üçün hökumətin müvafiq addımlarını tələb edirlər. Lakin bu tələblər, proletar tələbləri deyil. Cəmiyyət hakimiyyətin getməsini deyil, daha səmərli işləməsini tələb edir. Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Proletar düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır – ancaq heç bir halda proletar inqilabı niyyətini ortaya qoymur. Sosial tolerantlıq Azərbaycanda özünəməxsus şəkildə təzahür edir. İnsanlar müəyyən sosial təminatlar sisteminin mövcudluğu şəraitində varlı-kasıb bölgüsünə dözümlü yanaşır və sərvəti olan insanların imtiyazlarını da təbii qəbul edirlər. Bu sərvətin mənbəyi ilə bağlı da məsələlərdə təmkin nümayiş etdirməyə hazırdılar. Bu, nə dərəcədə düzgün yanaşmadır və yaxud qəbulediləndir? Yaxud, bu yanaşmanı dəyişmək lazımdırmı? Bununla bağlı mübahisə açmaq olar, ancaq yəqin ki, bu gerçəkliyi çox az adam inkar edər.

Post-manat dövrünün prioritetləri

manat.jpg

Azərbaycan cəmiyyəti, bir çoxlarının idda etdiyi kimi, qeyri-passionar deyil. Əksinə, Azərbaycan cəmiyyətində passionarlıq adaptasiya ilə ahəngləşir. Azərbaycan cəmiyyəti adaptasiya imkanları qalana qədər təmkin göstərir. Həmçinin, passionarlıq səviyyəsi öncə sabitlik, sosial tolerantlıq yanaşması çərçivəsində tənzimlənir. Azərbaycan cəmiyyətinin yalnız qorxu, manipulyasiya və “dəyənək siyasəti” ilə idarə olunması ilə bağlı iddialar da mifdən başqa bir şey deyil. Yalnız bu faktorlarla cəmiyyətin loyallığına nail olmaq mümkün deyil. Son 10 ildə isə biz cəmiyyətin hakimiyyətə loyallığını müşahidə edirik və bunun kökündə yuxarıda qeyd etdiyimiz amillər həlledici təsirə malikdir. Bütün dünyada qlobal geosiyasi qarşıdurmaların qabarması fonunda, manatın devalvasiyasından sonra da bu amillər öz təsir gücünü saxlamaqdadır.

Bununla belə, geniş planda “yuxarıdan islahatlar” üçün gözləntilər böyükdür və cəmiyyət hazırki reaksiyası ilə dəyişiklikləri təşviq edir. Şübhəsiz ki, cəmiyyət üçün yenə sabitlik prioriteti çərçivəsində islahatlar əsas gözləntidir. Orta perspektivdə bu gözləntilərin dəyişəcəyinə söyləməyə əsas verəcək elə ciddi amillər, davranışlar müşahidə olunmur. Cəmiyyət öz mesajlarını aydın şəkildə ifadə edir və bunların ünvanı da iqtidardır.

İqtidarın son tərpənişlərindən belə anlaşılır ki, artıq cəmiyyətin mesajı alınmışdır…

Zaur İbrahimli

Strateq.az